Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

TÜRK DİLLƏRİ ŞÖBƏSİ

XX əsrin 60-70-ci illəri türkologiyanın Azərbaycanda ƏN yüksək inkişaf dövrü sayılmalıdır. Təsadüfi deyildir ki, türkoloji araşdırmalara təkan vermək, gənc türkoloqlar nəsli yetişdirmək məqsədi ilə məhz həmin dövrdə həm ali təhsil ocaqlarımızda, həm də respublikamızın müqəddəs və əvəzsiz elm məbədi Elmlər Akademiyasının Dilçilik İnstitutunda xüsusi kafedra və şöbələr açıldı.
1972-c ildə «Türk dillərinin tədqiqi» adı ilə yaradılmış şöbənin ilk müdiri f.e.n.Vaqif İmaməli oğlu Aslanov olmuşdur. İlk illərdə şöbəni möhkəmlətmək, gələcək fəaliyyətini təmin etmək, kadr potensialı yaratmaq vəzifəsi məhz onun üzərinə düşmüşdü. O zaman şöbədə yeganə elmlər doktoru görkəmli dil tarixçisi, türkoloq-şərqşünas, professor Mirzə Rəhimov idi.
Həmin illərdə şöbənin müdiri Vaqif Aslanovun və baş elmi işçisi Q.Voroşilin doktorluq, istedadlı alim, kiçik elmi işçi mərhum Aydın Məmmədovun namizədlik dissertasiyaları müdafiə etmələri şöbənin həyatında ilk uğurlu göstəricilər kimi qiymətləndirilməlidir.
Həmin illərdə şöbənin yaxından iştirakı ilə institutumuzda keçirilən ümumittifaq türkoloji konfrans da institut gənclərinin həyatında silinməz izlər buraxmışdı. Türkologiyanın müxtəlif problemlərinə işıq salan bu konfransda N.Z.Hacıyeva, B.Serebrennikov, E.Tenişev, E.Qrunina, A.N.Kononov, N.Baskakov kimi görkəmli dilçilərlə canlı ünsiyyətdə olub, onların elmi məruzələrini dinləmək, əlbəttə, elmə yenicə qədəm basan gənclər üçün daha böyük əhəmiyyət kəsb edirdi. Həmin konfransda Azərbaycan dilçiləri, o cümlədən, akademik M.Ş.Şirəliyevin, türk dilləri şöbəsinin əməkdaşları – filologiya elmləri doktorları M.Ş.Rəhimov, V.İ.Aslanov, Q.Voroşil və istedadı ilə xüsusi seçilən filologiya elmləri namizədi A.Məmmədovun elmi məruzələri maraqla qarşılandı.
Şöbədə kadr hazırlığı aspirantura yolu ilə həyata keçirilirdi. Həmin illərdə aspiranturaya qəbul olunan Məhəbbət Mirzəliyeva, Mehman Musayev, Çingiz Qaraşarlı, Əskər Quliyev, Ədalət Tahirzadə, İsmayıl İsmayılov kimi gənclər də şöbənin gələcək fəaliyyətinin təminatında müəyyən rol oynadlar.
Şöbənin kadrları həm keyfiyyət, həm də kəmiiyyət baxımından çoxaldıqca uzunmüddətli, çoxşaxəli elmi araşdırmaların aparılmasına imkan yaranırdı. İnstitutun direktoru akademik M.Ş.Şirəliyevin ictimai əsaslarla şöbəyə rəhbərliyi zamanı oğuz qrupu türk dillərinin fonetikası və qrammatikası sahəsində gərgin elmi axtarışlar aparılmış və nəticədə «Oğuz qrupu türk dillərinin fonetikası» (müəllif f.e.d.M.İ.Yusifovdur) və «Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası» (II hissə, Morfologiya) kimi maraqlı monoqrafiyalar meydana gəldi.
Gənc şöbə müdiri filologiya elmləri namizədi Kamal Mehdi oğlu Abdullayevin rəhbərlik etdiyi qısa müddətdə şöbədə mövcud yaradıcılıq atmosferi daha da saflaşdırıldı, həftəlik elm seminarlar, yeni nəşrlərin müzakirələri təşkil olundu.
Həmin dövrdə şöbənin nəzdində yeni nəzəri və tipoloji dilçilik qrupu yaradıldı. İstedadlı alim f.e.n.Aydın Məmmədovun rəhbərlik etdiyi bu qrupa Etibar Quliyev, Ramazan Əhmədov, Həbib Zərbəliyev kimi savadlı, erudisiyalı, zəhmətkeş gənclər qəbul olundular. Sonralar bu qrup müstəqil şöbəyə çevrilsə də, müstəqilliyini çox qoruya bilmədi.
Kamal Abdullayevin səyi ilə həmin illərdə şöbəyə yeni-yeni qüvvələr cəlb olunmaqla «Oğuz qrupu türk dillərinin sintaksisi» əsəri yazılmağa başladı.Məhz həmin dövrdə Kamal Abdullayevin redaktorluğu ilə «Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası (III hissə,Sintaksis) əsəri çapa hazırlandı və əsər uzun müddətdən sonra 2002-ci ildə Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kamal Abdullayevin maddi və mənəvi dəstəyi ilə nəşr edildi.
Sonralar şöbəyə rəhbərlik etmiş filologiya elmləri doktoru Əbdürrəhman Məhi oğlu Cavadov da ənənələrə sadiq qalmış, şöbənin yüksəlişi naminə əlindən gələni əsirgəməmişdir. Onun başçılığı ilə şöbədə «Oğuz qrupu türk dillərinin lüğəti» xüsusi həvəs və şövqlə hazırlanıb başa çatdırıldı. İnstitut Elmi Şurasında əsərin çapına qərar verilsə də, buz sınmadı, qərar yerinə yetirilməmiş qalmışdır.
1989-2000-ci illərdə şöbəyə filologiya elmləri doktoru Həsən Kərəm oğlu Quliyev rəhbərlik etmişdir.
2000-ci ildə şöbəyə türk dilləri şöbəsinin ilk aspirantı olmuş, 25 il bu şöbədə çalışmış Məhəbbət Mirzəxan qızı Mirzəliyeva müdir təyin edilmişdir. 13 il müddətində şöbədə 24 monoqrafiya saysız-hesabsız elmi məqalələr çap olunmuş, şöbənin 15-ə yaxın aspirant və dissertant fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Hazırda şöbənin yetişdirmələrindən 10 nəfəri elmlər doktoru hazırlığı üzrə doktorantdırlar. Son illərdə elmi ictimaiyyətə təqdim edilmiş 3 cildlik “Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri”, kollektiv monoqrafiyası, “Türk dillərinin frazeologiyası” (2 cilddə: I c.M.M.Mirzəliyeva və II c. Q.Ç.Mahmudova) və Vaqif Aslanovun “Azərbaycan dilinin tarixinə dair tədqiqlər” 3 cildliyi şöbənin nailiyyətlərindəndir.
Hal-hazırda institutda istedadlı və elmi məhsuldarlığı ilə seçilən türk dilləri şöbəsində yalnız gənclər çalışır. Qürurla deyə bilərik ki, son dövrlərdə müxtəlif vəzifələrə irəli sürülən fil.ü.fəlsəfə doktoru, dosent Elnarə Əliyeva (AMEA Humanitar və İctimai Elmlər Bölməsinin elmi katibi), fil.ü.fəlsəfə doktoru, dosent Şəkər Orucova (BSU-nun dosenti), fil.ü.fəlsəfə doktoru Gülnarə Əliyeva (BSU Azərbaycan elmi-tədqiqat mərkəzinin böyük elmi işçisi, dosent), fil.ü.fəlsəfə doktoru Cahid Kazımov (yeni yaradılmış kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi), fil.ü.fəlsəfə doktoru, dosent Mayıl Əsgərov (yeni yaradılmış sosiolinqvistika şöbəsinin müdiri), fil.ü.fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva (institutun elmi katibi), Məhəbbət Mirzəliyeva məhz türk dilləri şöbəsinin yetirmələridirlər. Ə
Türk dilləri şöbəsində digər türk xalqları üçün kadr hazırlanması ənənəsi bu gün də davam etdirilir. Şöbənin yetirməsi qaqauz dilinin leksikası ilə bağlı ciddi elmi araşdırmalar aparmış və namizgdlik dissertasiyasını uğurla müdafiə etmiş qaqauz xalqının nümayəndəsi Güllü (Valentina)Karanfil hal-hazırda Komratda çalışır. Bu ənənənin davam etdirilməsi məqsədilə yeni layihələr hazırlanır.
Şöbənin elmi tədqiqat istiqaməti türk dillərinin fonoloji, morfoloji və sintaktik məsələlərinin müqayisəli və müqayisəli-tarixi tədqiqi, onların müqayisəli qrammatikalarının hazırlanması məsələlərindən ibarətdir.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.