Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

Azərbaycan dilinin dialektologiyası şöbəsi

    Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi 1945-ci ildən - Azərbaycan Elmlər Akademiyası yarandığı gündən təsis olunmuşdur. Dünya şöhrətli türkoloq akademik Məmmədağa Şirəliyevin rəhbərliyi sayəsində XX əsrin 50-70-ci illərində Azərbaycan dilçiliyində dialektologiya sahəsində intibah dövrü yaşanmış, xeyli uğurlu nəticələr əldə edilmişdir. Azərbaycan dialektoloqları (Abdulla Vəliyev, Bilal İbrahimov, Kamil Ramazanov, Rəsul Rüstəmov, Musa İslamov, Teyyub Həmzəyev, Bəbir Tağıyev, Zirəddin Xasiyev, Sefi Behbudov, Rasim Kərimov və başqaları) Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrinin fonetik sistemi, qrammatik quruluşu və leksik tərkibini öyənməklə monoqrafik, leksikoqrafik və coğrafi tədqiqat aparmış, həm kollektiv, həm də fərdi şəkildə bir çox dialektoloji əsərlərin nəşrinə nail olmuşlar: “Azərbaycan dilinin Muğan qrupu dialekt və şivələri” (1955), “Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri” (1962), “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri” (1967), “Azərbaycan dilinin dialektoloji lüğəti” (1964), Musa İslamov “Azərbaycan dilinin Nuxa dialekti” (1968), Məmmədağa Şirəliyev “Bakı dialekti” (1957), Rəsul Rüstəmov “Quba dialekti” (1961), “Azərbaycan dili dialekt və şivələrində feil” (1965) və s.
    Təsadüfi deyil ki, bu dövrdə Azərbaycanda dialektoloji məktəb formalaşmış, Bakı türkoloji mərkəzə çevrilmişdir. Akademik M.Şirəliyevin şəxsi nüfuzu və Azərbaycan dialektoloqlarının qazandığı uğurlar sayəsində “Türk dillərinin dialektologiyası məsələləri” adlı ümumittifaq məcmuənin nəşri Azərbaycan dialektologiyası şöbəsinə etibar edilmişdir. 1960-1966-cı illərdə bu məcmuənin iki ildə bir dəfə olmaqla 4 nömrəsi çapdan çıxmışdır. 1970-ci ildən isə “Sovetskaya tyurkoloqiya” jurnalı nəşrə başlamışdır.
    Dünya miqyasında ümumtürk dilçilik elmi sahəsində ilk dialektoloji atlasın hazırlanması Azərbaycan dialektoloqlarının adı ilə bağlıdır. Belə ki, 1958-ci ildə tərtib olunan “Azərbaycan dilinin dialektoloji atlasının tərtibi üçün toplanan materalların proqramı” (Bakı, 1958) əsasında Azərbaycan Sovet Sosialist Respublikasının Şərq rayonlarının 235 yaşayış məntəqəsindən materal toplanaraq Şirəliyevin müəyyənləşdirdiyi izoqloslar əsasında Musa İslamov, Teyyub Həmzəyev və Rasim Kərimovun müəllifliyi ilə 50 xəritədən ibarət “Azərbaycan dilinin şərq qrupu dialektoloji atlası” (1965) hazırlanmışdır. İlk təcrübi iş uğurla başa çatdıqdan sonra genişmiqyaslı fəaliyyətə başlanılmış, Azərbaycan Sovet Sosialist Respublikasının 409 yaşayış məntəqəsi əsasında M.Şirəliyev və M.İslamovun redaktorluğu ilə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası” 1975-ci ildə tərtib olunaraq nəşriyyata təqdim olunmuş və 1990-cı ildə çapdan çıxmışdır.
  1992-1997-ci illərdə Azərbaycan dialektologiyası şöbəsi Azərbaycan dilinin tarixi şöbəsi ilə birləşdirilsə də, şöbələrin tədqiqat istiqamətləri fərqli olduğu üçün birgə fəaliyyətlərini davam etdirə bilməmişdir. 30 dekabr 1997-ci ildə İnstitutun Elmi Şurasının qərarı ilə şöbə yenidən müstəqil fəaliyyətə başlamışdır. Şöbənin əməkdaşları şöbə müdiri professor Musa İslamovun (1997-2002-ci illər; M.İslamov 1967-ci ildən 1989-cu ilədək də bu şöbəyə rəhbərlik etmişdir) və şöbə müdiri professor Qəzənfər Kazımovun (2002-2013-cü illər) rəhbərliyi ilə Azərbaycan dilinin nəinki respulikada, hətta respublikadan kənarda olan dialekt və şivələrini də tədqiq etməyə başlamış, həmçinin etnolinqvistik araşdırmalar aparmış və xeyli kitabın nəşrinə nail olmuşlar: “İraq-türkman ləhcəsi” (2004), “Azərbaycan dilinin Dərbənd dialekti” (2009), Məhərrəm Məmmədli “Azərbaycan dilinin Təbriz dialekti” (2008), Əhmədəli Əliyev “Azərbaycan dilinin Meğri şivələri” (2003), “Azərbaycan dilinin dialektoloji lüğəti” (2 cilddə, Ankara, 1999, 2003), Sefi Behbudov “Azərbaycan dili şivələrinin omonimlər lüğəti” (2003), Zirəddin Xasiyev “Heyvandarlıq və əkinçilik terminləri lüğəti” (2000), “Azərbaycan dili dialekt və şivələrinin qərb qrupunda heyvandarlıq terminləri” (2004), Güntəkin Binnətova “Azərbaycan dilinin Lerik rayonu şivələri” (2006), Şahlar Məmmədov “Azərbaycan dilinin Yardımlı rayonu şivələri” (2007), Qüdsiyyə Məmmədova “İ.Nəsiminin dili və Azərbaycan şivələri” (2004), Şövkət Kərimov “Azərbaycan dilinin Çənbərək və Karvansaray şivələri” (2004), Elman Mirzəyev “Azərbaycan dilinin Lənkəran və Astara şivələrinin terminoloji leksikası” (2010), Nəzakət Qazıyeva “Azərbaycan ədəbi dili normalarının formalaşmalsında dialektlərin rolu” (2003), Azərbaycan dilinin dialektoloji lüğəti” (2007) və s.
    18 noyabr 2013-cü ildə Dialektologiya şöbəsi yenidən Dil tarixi şöbəsi ilə birləşdirildi. Lakin dialektoloqların potensial gücünü və dialektoloji araşdırmaların müasir dilçilik elmi üçün vacib olduğunu akademik Məmmədağa Şirəliyevin yaratdığı məktəbin davamlılığını hiss edən İnstitut rəhbərliyinin təşəbbüsü ilə 1914-cü ildə Azərbaycan dilinin tarixi və dialektologiyası şöbəsinin nəzdində dialektoloji qrup yaradıldı. Akademik Tofiq Hacıyevin irəli sürdüyü ideya əsasında böyük bir layihəyə - “Bütöv Azərbaycanın dialektoloji atlası” layihəsinə start verildi. 1914-1915-ci illərdə hazırlanması nəzərdə tutulmuş, layihənin birinci hissəsi hesab olunan “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” dialektoloqların (Zirəddin Xasiyev, Kifayət İmamquliyeva, Qüdsiyyə Qəmbərova, Kübra Quliyeva, Məhərrəm Məmmədli) gərgin əməyi nəticəsində bir ildən də az müddətdə (2014-cü il iyun-2015-ci il may) nəşr olundu. “Atlas” 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində; türk dilinə dosent Kübra Quliyeva, ingilis və rus dillərinə dosent Gülşən Axundova tərcümə etmişdir) tərtib olunmuşdur. Əlavə olaraq bu müddətdə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının proqramı” və “Elektron atlas”la informatorların səsi kompakt disk, “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti”, “Azərbaycan dilinin Şərur şivələri”, “Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri” kitabları da hazırlanmışdır. AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutu, eləcə də “Elm və Təhsil” nəşriyyatı ilə əməkdaşlıq da layihənin yüksək səviyyədə başa çatmasına səbəb olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 09 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müddəalarının icrasından irəli gələrək Azərbaycan dili tarixinin və Azərbaycan dialektologiya elminin müstəqil struktur bölmələrdə geniş aspektdə araşdırılması zərurəti yaranmışdır.
    Bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycan dialektologiyası şöbəsinin yaradılması ilə bağlı qərar qəbul etmişdir (4 noyabr 2015-ci il).
   Artıq AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsi müstəqil (3 fevral 2016-cı il) fəaliyyət göstərir. Şöbə əməkdaşlarının (müdir - Kifayət İmamquliyeva, Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Güntəkin Binnətova, Səkinə Şərifova, Natavan Ağayeva) qarşısında duran əsas məqsəd və vəzifələri Azərbaycan dili dialekt və şivələrinin müasir tələblərə uyğun şəkildə tədqiq olunmasıdır.
    Azərbaycan dialektologiyası şöbəsi Azərbaycan dili dialekt və şivələrinin tarixi aspektdə tədqiqini, tərtib olunmuş proqramlar əsasında Azərbaycan dili dialektlərinin tarixi və coğrafi arenasını müəyyənləşdirən dialektoloji atlasların, gələcək tədqiqatlara stimul verən və Azərbaycan dialektlərini özündə əks etdirən səsli disklərin, müasir tələblərə uyğun olaraq dialektoloji elektron kitabların, müxtəlif dialektoloji lüğətlərin hazırlanmasını, dialektoloji materiallar əsasında etnolinqvistik araşdırmalar aparılmasını və onların monoqrafik nəşri, sahə terminologiyasının işlənməsi İnstitut daxilində, ümumən respublika və respublikadan kənar səviyyədə Azərbaycan dili dialektlərinin elmi, dissertantura səviyyəsində tədqiqini, onların monoqrafik nəşrini, gənc, ixtisaslı elmi kadrların ‒ dialektoloqların hazırlanmasını nəzərdə tutur.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.