Cənc Alimlər Şurası
Video
Mətbuat
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters

22.2.2014

Beynəlxalq Ana dili gününə həsr olunmuş sessiya keçirilmişdir

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənc alim və mütəxəssislər Şurası Beynəlxalq Ana dili gününə həsr olunmuş elmi sessiya keçirmişdir.
İclası giriş sözü ilə institutun direktor müavini filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva açaraq 21 fevral gününün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd edildiyini vurğulamış, bu günün tarixi-mənəvi dəyərindən bəhs etmiş, ana dilimizi tədqiq və təbliğ edən Azərbaycan dilçilərinin, xüsusən gənc nəslin qarşısında duran vəzifələrin məsuliyyətindən danışmış və bu gün münasibəti ilə sessiya işti-rakçılarını təbrik etmişdir.
İnstitutun Gənc alim və mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva bu elmi sessiyanın kecirilməsini rəhbərlik etdiyi Şuraya - gənc dilçilərə etibar etdiyi üçün institutun direktoru AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyevə minnətdarlığını bildirmişdir.

Ana dilimizin tarixi təkamül xüsusiyyətləri və bugünkü inkişaf meyillərindən bəhs edən Sevinc Əliyeva dilimizin müxtəlif aspektlərdən tədqiqində gənc alimlərin rolunu xüsusi vurğulamışdır. O, gənc dilçilərin ana dilimizə sevgisini yüksək qiymətləndirə-rək göstərmişdir ki, institutda yeni yaradılmış və artıq səmərəli fəaliyyəti ilə diqqət çəkən, əsasən gənclərdən ibarət Monitorinq şöbəsi Ana dilinin inkişafı və qorunması üçün əhəmiyyətli işlər görür.
Elmi sessiyada Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi filolologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədovanın “Dilimizin saflığını qoruyaq” adlı məruzəsi rəğbətlə qarşılanmışdır. 70 milyon azərbaycanlının - bütün dünya azərbayçanlılarının qürur mənbəyi olan Azərbaycan dilinin dünəndən bu günə uzanan şanlı tarixini vərəqləyən məruzəçi bu dilin saflığı və təmizliyi uğrunda mübarizə aparmaqla onun qorunmasını və bugünkü nəslə çatmasını təmin etmiş ziyalılarımızın - yazıçı və şairlərimizin, görkəmli şəxsiyyətlərin əvəzsiz xidmətlərini xüsusi qeyd etmişdir.

Türk dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Təranə Şükürlü “Azərbaycan dilinə dövlət qayğısı” adlı məruzəsində bu günün tarixi mahiyyətindən bəhs edərək bildirmişdir ki, BMT 1999-cu ildə qəbul etdiyi qərarla fevralın 21-ni Beynəlxalq Ana dili günü kimi rəsmiləşdirilmişdir. Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürurlanmaq, onu inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Natiq qeyd etmişdir ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn uzaqgörən siyasətinin nəticəsidir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbay-can əlifbasının bərpasını zəruriləşdirdi. Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı. Bu fərman Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və inkişaf etdirilməsi yolunda dövlət qayğısının artırılmasına təkan verdi.

2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında” sərəncamı, eləcə də son dövrdə Dilçilik İnstutunun elmi həyatını, ictimai mövqeyini yeniləşdirən və qüvvətləndirən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Sessiyada Monitorinq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərovun “Dillərin inkişafında dil əlaqələrinin rolu” adlı kitabının təqdimatı olmuşdur.
Monoqrafiyada tədqiq olunan məsələlərlə bağlı Monitorinq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qaziyeva “Qloballaşma dövründə dil əlaqələri və dillərin saflığı problemi” mövzusunda məruzə etmişdir.

Sessiya iştirakçılarından Hind-Avropa dilləri şöbəsinin müdiri, professor Oruc Musayev, Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədov, Terminologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova, Monitorinq şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru, professor Həbib Zərbəliyev, Monitorinq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədli təqdim olunan monoqrafiyanın elmi və praktiki əhəmiyyətindən danışaraq Rasim Heydərovun yaradıçılığında bunu böyük hadisə kimi səciyyələndirmiş və gənc müəllifə yaradıçılıq uğurları arzulamışlar.
Çıxış edənlər göstərmişlər ki, dövlət atributlarından biri olan dilə hörmət və məhəbbət göstərilməli, onu tarixin keşməkeşli yollarında qılınc və qələmlə qoruyaraq bizə miras qoymuş ədəbiyyat, elm, mədəniyyət, siyasi xadimlərimiz unudulmamalı, həmişə sevgi ilə xatırlanmalıdırlar. Gənc nəslə ulu babalarımızın ərmağan etdiyi bu qiymətli milli sərvəti hər kəs göz bəbəyi kimi qorumalı, ona daim qayğı ilə yanaşmalıdır. Bu hər bir Azərbaycan vətəndaşının əzəli və əbədi borcudur.

İnstitutun elmi işlər üzrə direktor müavini Məhəbbət Mirzəliyeva tədbirin sonunda sessiyanın yüksək səviyyədə təşkili və keçirilməsini təmin edən institut Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Sevinc Əliyevaya, eləcə də əməyi olan bütün üzvlərə, məruzəçilərin və çıxış edənlərin hər birinə rəhbərlik adından minnətdarlığını bildirmiş, yüksək səviyyədə təqdim olunan “Dillərin inkişafında dil əlaqələrinin rolu” kitabının müəllifi Rasim Heydərovu təbrik edərək ona yeni uğurlar arzulamışdır.
Gənclərin elmi və içtimai fəallığının institut həyatı üçün zəruriliyindən bəhs edən f.e.d.M.M.Mirzəliyeva çıxışına “Azərbaycan dilçiliyinin gələcək taleyi bu gün etibar etdiyimiz gənc alimlərin əlindədir” sözləri ilə yekun vurmuşdur.

SAYTDA AXTAR
 

© Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu. 2012-2015.