Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
3.3.2017

ƏMƏKDAR ELM XADİMİ QƏZƏNFƏR KAZIMOVUN 80 İLLİK YUBİLEYİ QEYD EDİLİB

Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış dilçi alim, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 80 illik yubileyinə həsr edilən konfrans keçirilib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Q.Kazımovu yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edilib ki, Qəzənfər Kazımov çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan elmində xüsusi yeri, dəsti-xətti olan alimlərdəndir.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Görkəmli dilçi alim” mövzusunda məruzəsində bildirib ki, Q.Kazımov genişmiqyaslı tədqiqat sahəsi və elmi maraq dairəsi olan alimlərdəndir. XX əsr Azərbaycan filologiyasının 60-cılar nəslinin görkəmli nümayəndələrindən olan Q.Kazımov elmi yaradıcılığa 1967-ci ildə başlayıb. O, qırxdan çox kitabın elmi redaktoru, 300-dək elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün səkkiz proqramın müəllifidir.

M.Nağısoylu qeyd edib ki, Q.Kazımovun tədqiqatlarında ədəbi dil tarixi məsələləri mühüm yer tutur. Görkəmli alim dilimizin tədrisindən tutmuş qrammatika və ədəbi dil tarixi, poeziya və folklor, tarix və etnoqrafiya kimi çoxşaxəli, əhatəli və rəngarəng məsələlər üzərində də dəyərli tədqiqatlar aparıb və xalqımızın tarixi, etnogenezi, kökü, dilimizin tarixi ilə bağlı bir sıra qaranlıq məsələləri incəliyinə qədər araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitabları ərsəyə gətirib. İstedadlı alim kimi böyük nüfuz qazanan Q.Kazımov, eyni zamanda, pedaqoq kimi fəaliyyət göstərib. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında çalışıb.

Vurğulanıb ki, Q.Kazımovun tədqiqatlarının bir çoxunda, xüsusilə də gərgin axtarışlarının, ağır zəhmətinin bəhrəsi olan sanballı “Azərbaycan dilinin tarixi” kitabında yaradıcılığının başlıca qayəsini, məram və məqsədini ortaya qoyur. Alim “Azərbaycan dilindən təcrübi məşğələlər”, “Yazıçı və dil”, “Komik-bədii vasitələr”, “Bədii ədəbiyyatda komizm üsulları”, “Qurbani və poetikası”, “Sənət düşüncələri”, “Dilimiz-tariximiz”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)”, ali və orta məktəblər üçün “Azərbaycan dili” dərsliklərinin müəllifidir.

M.Nağısoylu çıxışının sonunda görkəmli alim, gözəl insan professor Qəzənfər Kazımovu 80 illik yubileyi münasibətilə həm Dilçilik İnstitutunun kollektivi, həm də öz adından təbrik ederək, dəyərli elm adamına, böyük şəxsiyyətə möhkəm cansağlığı və uğurlar diləyib.

AMEA-nın müxbir üzvü Nizami Cəfərov tədbirdə çıxış edərək Qəzənfər Kazımova xoş arzularını çatdırıb, onun Azərbaycan dilçilik elminin inkişafındaki xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıb. Bildirib ki, alim Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində səmərəli və məhsuldar fəaliyyəti və araşdırmaları ilə filologiya elmimizə dəyərli töhfələr verib.

ADPU-nun professoru Əzizxan Tanrıverdi “Qəzənfər Kazımov Azərbaycan dilçiliyində” adlı məruzəsində qeyd edib ki, əməkdar elm xadimi Qəzənfər Kazımov professor Əbdüləzəl Dəmirçizadənin yetirməsi, onun ən layiqli, görkəmli davamçılarından biridir. Ə.Tanrıverdi vurğulayıb ki, Qəzənfər müəllimin ustadı Əbdüləzəl Dəmirçizadə də, professor Bəkir Çobanzadənin yetirməsi olub. Bu mənada Qəzənfər Kazımov həm də Bəkir Çobanzadənin mənəvi varisi hesab oluna bilər. Ə.Tanrıverdi onu da əlavə edib ki, Qəzənfər Kazımov son 20 ildə Nəsimi adına Dilçilik İnstitutunda işləsə də, nüfuzlu bir alim statusu qazansa da, əsl müəllim statusunu da özündə saxlayır. Amma bu da vurğulanmalıdır ki, Qəzənfər müəllim, sözün həqiqi mənasında, alimliklə müəllimliyi qovuşdurmağı bacarmışdır. Ali və orta məktəblərimiz üçün tərtib etdiyi proqram və metodik göstərişlər, eyni zamanda sanballı mənbələr kontekstində yazdığı dərs vəsaiti və dərslikləri, bir də sevimli tələbələri dediklərimizi arqumentləşdirir.

Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli “Xeyirxah, təəssübkeş müəllim, unikal alim” adlı məruzəsində Qəzənfər Kazımovun pedaqoji fəaliyyətindən bəhs edib.

Filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli Qəribova isə “Qəzənfər Kazımov və Azərbaycan dilinin tarixi” məruzəsində Qəzənfər müəllimin yaradıcılığında ədəbi dilin tarixi məsələlərindən söz açıb. Vurğulayıb ki, millətinin, mənsub olduğu xalqın keçmişini tədqiq edən alimin qədim dövr tarixinə baxışı obyektivdir. Türk etnosunun, türk sivilizasiyasının yaratdığı etnokulturoloji mədəniyyət, qədim türk mifləri və tarixi Q.Kazımovun vətənpərvərlik, millətsevərlik duyğusu ilə yazdığı əsərlərin aparıcı mövzusudur. O, dil tarixindəki boşluqları görür və bu sahələri araşdıraraq elmimizə yeni-yeni töhfələr verir.

Sonra professorlar - Sayalı Sadıqova, Qara Məşədiyev, İsmayıl Məmmədli, BSU-nun filologiya fakültəsinin dekanı dosent Nuridə Novruza, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli çıxış edib.

Sonda Qəzənfər Kazımov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.